Əlaqə Arxiv
news Image
2013.08.07
16:23
| A A A
Vaxtından əvvəl I sinfə qəbul üzrə komissiyaları fəaliyyətə başladı
Mikayıl Cabbarovun "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə 17.07.2013 – cü il tarixli, 739 № - li əmrinə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva 224 nömrəli əmr imzalayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının Movqe.az-a verdiyi məlumata görə, əmrə əsasən "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"nı təmin etmək məqsədilə valideynlərin ərizələri 20 iyul 2013 – cü il tarixindən başlayaraq 20 avqust 2013 – cü il tarixinədək qəbul ediləcək. Vətəndaşlar Təhsil İdarəsinə (Ünvan: X.Şuşinski, 17, tel: 441- 06 - 99) ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin əslini və surətini, 3x4 sm ölçüdə 1 ədəd şəklini təqdim etməlidirlər. Ərizələrin qəbulu istirahət və bayram günləri istisna olmaqla hər gün saat 10 : 00 - dan 17 : 00 – dək davam edir. Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilib. Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə müsahibənin aparılması üçün komissiyalar yaradılıb. Komissiyaların işi 5 avqust 2013 – cü il tarixindən Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə (Ünvan: M.Qasımov, 6, tel: 440 – 60 - 81) təşkil olunub. Hazırda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün 6 komissiya fəaliyyət göstərir. Hər bir komissiya ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət olmaqla 5 nəfərdən təşkil edilib. 
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün keçirilən müsahibə saat 9:00 – dan 18:00 – dək davam edir. Təhsil Nazirliyinin təsdiq etdiyi Qaydalara uyğun olaraq uşaqla tədris alacağı dildə 15 - 20 dəqiqə ərzində müsahibə aparılacaq. Zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün uşaqlara 4 sual veriləcək. Hər bir suala cavabın 5 ballıq şkala üzrə qiymətləndirilməsi nəzərdə tutulur. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur. Müsahibə sentyabrın 10 – da başa çatacaq.
Sizin Reklam Yeriniz