Azsaylı xalqların problemləri müzakirə olunub
Beynəlxalq
mətbuat mərkəzində "Etnoqlobus" (ethnoglobus.az) Beynəlxalq onlayn
informasiya – analitik mərkəzinin "Azərbaycanda yaşayan etnik
azlıqların problemləri : təzahür formaları" mövzusunda konfransı
keçirilib. Movqe.az xəbər verir ki, konfrans "Etniklik
azərbaycançılığın amillərindən biri kimi" müddətsiz layihə
çərçivəsində keçirilir. Layihəyə ötən ilin dekabrında start
verilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix,
Etnoqrafiya, Folklor instiutlarının alimləri, Azərbaycanda yaşayan
etnosların nümayəndələri, ekspertlər iştirak edib. Konfransın
təşkilatçısı Etnoqlobus" mərkəzinin direktoru , politoloq və
ekspert Gülnara İnanc giriş sözündə ölkədə yaşayan etnosların
həqiqətən müəyyən problemləri olduğunu diqqətə çatdırıb. "Dünyanın
heç bir yerində ideal dövlət yoxdur. Konfransı keçirməkdə məqsəd də
həqiqətən mövcud olan problemləri bir daha üzə çıxarmaq və onların
həlli yollarını təklif etməkdir",-deyib G.İnanc. Daha sonra söz
alan ləzgi dilində nəşr olunan "Alam" jurnalının redaktoru Abir
Eçexvi Azərbaycanda ləzgi dilində 2 qəzet və 2 ədəbi-bədii jurnalın
çap olunduğunu qeyd edib: "Ölkəmizdə etnik azlıqların dilində
kitab, qəzet və jurnal nəşr etməyə qadağa yoxdur. Heç kəs bizim
fəaliyyətimizə və nəşlərimizi yaymağa mane olmur. Amma dövlətin
maliyyə dəstəyi olmadığı üçün hər nömrənin çapı üçün sponsor
axtarmalı oluruq." A.Eçexvinin üstündə dayandığı ikinci məsələ isə
etnik azlıqların dillərində radio və TV verilişləri ilə bağlı olub:
"Azərbaycan Tele-radio şirkətinin Beyəlxalq radio verilişləri
şöbəsinin nəzdində ləzgi, talış , kürd dillərində həftədə 2 dəfə və
15 dəqiqə olmaqla radio verilişləri verilir. 15 dəqiqənin təxminən
yarısı rəsmi xəbərlərə ayrılır. Yerdə qalan vaxtda həm etnik musiqi
verilməli, həm maraqlı şəxslər haqda danışılmalı, folklor
nümunələri və sair təqdim olunmalıdır. Təbii ki, bu vaxt yetərli
deyil. Əvvəl Ləzgi dilində proqram redasiyasında 3 nəfər işləyirdi,
2 nəfər ixtisar olundu. İndi bütün yükü yalnız bir nəfər daşıyır -
Ruslan Şeydaev. Bundan əlavə həmin verilişlər qısa dalğada
yayımlandığı üçün Azərbaycan ərazisində eşidilmir." G.İnanc
çıxışçının sözlərinə əlavə edərək bildirib ki, o, bu məsələ ilə
bağlı talış, kürd və ləzgi radiosunun redaktoları rəhbərliyə
müraciət ediblər. "Ötən il Azərbaycan Tele-radio şirkətinin
Beynəlxalq yayımlar şöbəsinin rəhbərliyi ilə görüşmüşəm. Rəhbərlik
artıq etnik dillərdə yayımlanan radio verilişlərinin FM dalğasında
yayılması və efir vaxtının uzadılması məsələsinin müzakirə
olunduğunu bildirib. " Azəri-talış ictimai birliyinin sədri
Mehdibəy Səfərov Azərbaycanda etnokulturalizmin səviyyəsinin çox
yüksək səviyyədə olduğuna diqqəti çəkib: "Talışlar ad günlərini,
toyları, bayramları öz ana dillərində, doğma musiqi sədaları
altında keçirir. Toylarda Azərbaycan türkləri və digər xalqlar
məmnuniyyətlə talış musiqisinin sədaları altında oynayır. Ləzgi və
digər xalqların toyları da eynilə. Amma dövlətin ölkədə yaşayan
etnosların mədəniyyətinin və dilinin inkişafında rolu vacibdir.
Etnik münasibətlər dövlətin onurğasıdır. 2000-ci illərin
əvvələrində etnik məsələlərə özbaşına buraxıldı. Ötən ay Kamal
Abdullanın rəhbərliyi altında Azərbaycan prezident yanında
millətlərarası münasibətlər, multikulturalizm və din üzrə müşavir
institutunun bərpa olunması böyük ümidlər yaratdı. Əvvəl etnik
məsələdən bir qorxu vardı. K.Abdulla isə məsələnin üstünə cəsarətlə
gedir. Məsələn, Kamal müəllim "Cənub" TV-də talış dilində
verilişlərin olmasını dəstəkləyib. " M.Səfərov deyib ki,
Azərbaycanla demokratik institutların inkişafı, qanunların işləməsi
, vətəndaş cəmiyyətinin inkişafı ölkədə yaşayan bütün xalqların
milli haqqlarının təmin olunması üçün münbit şərait yaradar.
Azərbaycan Ukrayna icmasının Sumqayıt şöbəsinin rəhbəri Liderova
Nadejda Petrovna da Azərbaycanda rusca verilişlərin yox dərəcəsində
olduğuna diqqət çəkib: "Azərbaycanda rus dilində təhsil
yetərincədir. Cavan nəsil də dövlət dilini gözəl bilir. Amma yaşlı
nəsil üçün Sovet dövrünü keçdiyi üçün Azərbaycan dilini öyrənmək
çətindir. Rusca məlumat ala bilmədikcə ölkədki hadisələrdən
xəbərsiz oluruq. Bundan əlavə rus dilində TV verilişlərinin , yaxud
ayrıca bir kanalın olması ölkəmizi dünyada tanıtmağa da imkan
verər." Azərbaycan "Ronahi" kürd mədəniyyət mərkəzinin sədri
Fəxrəddin Paşayev kürdlərin erməni işğalından sonra bütün ölkə
ərazisində yaşıdığını xatırladıb: "Kürdlərin kompakt yaşadığı
rayonlar Ermənistanın işğalı altındadır. həmin rayonlardan zorla
qovulmuş kürdlər də orada yaşayan Azərbaycan türkləri kimi bütün
ölkə ərazisinə dağılıb. Kompakt yaşamadığımız üçün assimlyasiya ilə
üz-üzəyik, uşaqlarımız kürd dilində təhsil alması mümkün
deyil." Azərbaycan talış mədəniyyət mərkəzinin sədri Rafiq
Cəlilov talış dilində TV və radio verilişləri məsləsinə də diqqət
çəkib. "Cəmyyətdə talış, ləzgi, kürd kəlməsindən bir qorxu var.
Bizi toplumdan ayıranda bizdə inciklik və etimadsızlıq yaranır
",-deyib Cəlilov. Konfrans iştirakçıları ölkədə etnik azlıqların
dilində tədrisin problemlərinə, müəllimlərin, kitabların
çatışmamazlığına diqqət yönəldiblər. R.Cəlilov deyib ki, Masallıda
idman müəllimi talış dilindən dərs deyir. "O, talış dilini bilə
bilər, amma talış dili müəllimi deyil. Bu fakt talış dilində
tədrisin səviyyəsini göstərir",-deyə Cəlilov vurğulayıb. Konfransın
mövzusu cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini cəlb
edib. Konfransda çıxış edən evdar qadın Almaz Əliyeva uşaqları
tərbiyə edərkən müxtəlif xalqlara qarşı sevgi və dözümlülük
aşılamağı məsləhət görüb: "Mən də anayam. Atam ləzgi, anam isə
tatardır. Övladlarımın tərbiyəsində bütün xalqlara hörmət və sevgi
aşılamışam. Əgər uşaqlarda başqa xalqlara qarşı nifrət təbliğ
etsək, cəmiyyətdə sevgi və dözümlülük görə bilmərik." Mikayılova
Sevil, Koiplova Antonina , "Slavyan-türk hərəkatının" rəhbəri
Adıgözəl Məmmədov , İ.Murtazaev də cəmiyyətdə etnik mədəniyyətlərin
təbliğatına ehtiyac duyulduğunu vurğulayıb. G.İnanc layihənin iyun
ayında davam edəcəyini deyib.