Əlaqə Arxiv
news Image
2014.05.28
15:19
| A A A
Ermənilər itkiləri barədə məlumat yaydılar
Ermənilər kəşfiyyat-diversiya qrupunun hücumu nəticəsində aldıqları itki barədə məlumat yayıblar. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, erməni KİV qruplaşmalarının Azərbaycan postuna kəşfiyyat-diversiyaya cəhd etməsini inkar edərək əksinə Azərbaycan hərbçilərinin hücuma keçdiyini iddia ediblər. Məlumata görə, ermənilər bir itki verib. Baş əsgər (yefreytor) Erik Qasparyan öldürülüb. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərdiyi bildirilib. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.
Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik göstərərək, düşmən təxribatının qarşısının alınması zamanı şəhid olub.
Döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik göstərdiyinə görə kapitan Məmmədov Fikrət Akif oğlu ölümündən sonra "İgidliyə görə" medalı verilməsinə təqdim olunub.

Eyni zamanda düşmən tərəfindən açılan snayper atəşlərindən 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb. Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti ağırdır, həkimlərin nəzarəti altındadır.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə gizir Abilov Xudaverdi Fərhad oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət sabitdir və Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Sizin Reklam Yeriniz